AzMİU-da “Tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması problemləri” mövzusunda Dəyirmi Masa keçirilib
2019-06-19 10:22:51
     Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) konfrans zalında “Tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması problemləri” mövzusunda  Dəyirmi Masa keçirib. Dəyirmi Masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili”çərçivəsində keçirilib.
     Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verib. Sonra o, sözügedən layihənin məqsədindən, əhəmiyyəti və fəaliyyət planından danışıb. AzMİU-nun kafedra müdiri, professor, AzMİU ilə Parisin CNAM Universiteti arasında ikili diplom proqramının koordinatoru  Nurməmməd Məmmədov çıxışında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının mahiyyətindən, ali təhsil müəssisələrində ikili diplom proqramlarının həyata keçirilməsinin perspektivləri və problemlərindən söz açıb, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması yolları, xaricdə təhsil almış gənc məzunların potensialından istifadə imkanları və gənclərin xaricdə təhsil almaq imkanları və s. kimi Proqramda qarşıya qoyulmuş məsələlərə toxunub. 
     Dəyirmi Masada mövzu ilə bağlı aktiv müzakirələrlə davam edib, tələbələrlə müəllimlər arasında fikir mübadiləsi aparılıb, maraqlı təkliflər səsləndirilib. Tədbirdə AzMİU-nun bakalavr pilləsində təhsil alan 1-ci kurs tələbələri iştirak edib.
     Dəyirmi Masanın sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu və bukletlər təqdim olunub.