Yıldız Texnik Universitetinin dekanı AzMİU-da
2019-06-10 15:47:23
     Bu gün Türkiyənin  nüfuzlu Yıldız Texnik Universitetinin İnşaat fakültəsinin dekanı professor Engin Gülal Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər edib. Dekanı AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva qəbul edib. N.Abdullayeva universitet haqqında məlumat verib, fakültə və ixtisaslardan danışıb, universitetin beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə əməkdaşlıqdan söz açıb. 
     Görüşdə iştirak edən AzMİU-nun İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən birgə layihələrin, tələbə-müəllim mübadiləsinin əhəmiyyətini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. 
     E.Gülal da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirib, təmsil etdiyi universitetin rəhbərliyinin salamlarını çatdırıb. İkitərəfli əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan dekan bakalavr, magistr və doktorantura  səviyyəsində əməkdaşlığın mümkün detallarını açıqlayıb. 
     Qarşılıqlı müzakirələr formatında keçən görüşdən sonra qonaq AzMİU-nu gəzib, fakültə və laboratoriyalarla tanış olub, imtahan prosesini izləyib. Türkiyəli qonağı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova da qəbul edib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.