Milan Politexnik Universitetinin nümayəndəsi AzMİU-da olub
2019-06-04 12:44:03
        Milan Politexnik Universitetinin Dizayn Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lia Tagliavini Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Xanım Taglivianini universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva qəbul edib. 
        Avropa Birliyinin Erasmus proqramı çərçivəsində ölkəmizə gələn milanlı qonaq səfərinin məqsədinin ölkəmizi tanımaq, mədəniyyətimiz, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimizlə tanış olmaq xarakteri daşıdığını bildirib. Eyni zamanda qonaq səfər çərçivəsində AzMİU ilə də yaxından tanış olmaq, fakültə, laboratoriya və mərkəzlərimizə ekskursiya etmək arzusunda olduğunu dilə gətirib.  
        AzMİU-nun prorektoru qonağı salamlayıb, universitetimizdə görməkdən məmnun olduğunu bildirib. Universitetimizi, Bakını, eləcə də ölkəmizi qonağa tanıtmaq üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.   
        Görüşdən sonra qonaq AzMİU-nun Memarlıq fakültəsinə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinə, studiya, laboratoriya və mərkəzlərinə baş çəkib.