Təhsildə fərqlənən əcnəbi tələbələr mükafatlandırılıb
2019-06-03 13:55:36

İyunun 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2018-2019-cu tədris ilinin yaz semestrini uğurla başa vuran Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin bir qrup tələbəsi ilə görüş keçirilib. Görüşdə yaz semestri üzrə dərslərdə yaxşı nəticələr göstərmiş, nizam-intizami ilə seçilən, davamiyyəti yüksək olan əcnəbi tələbələr universitet rəhbərliyi tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılıb.

Mükafatlandırmada AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli, Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzayeva, müəllimlər və əcnəbi tələbələr iştirak ediblər.

Tədbiri açıq elan edən Strateji planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərov təmsil etdiyi şöbənin təşkilatçılığı, Əcnəbi tələbələrin hazırlığı fakültəsinin təşəbbüsü ilə həyata keçirilən mükafatlandırma mərasiminin əcnəbi tələbələrə yeni tədris ilində stimul olacağını, digər əcnəbi tələbələrin də təhsilə və ictimai həyata olan maraqlarını bir qədər də artıracağını söyləyib.

Beynəlxalq əlaqələr üzrə prorektor N.Abdullayeva və Strateji inkişaf üzrə prorektor Ü.Səttarova universitet rəhbərliyinin hər zaman davamiyyəti, təhsili, nizam-intizamı ilə seçilən tələbələri yüksək qiymətləndirdiyini, diqqət və qağıdan kənar qoymadığını vurğulayıblar. Çıxışlarının yekununda tələbələrə növbəti semestrdə uğurlar arzulayıb, “Embawood” şirkətinə göstərdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda təhsildə fərqlənən tələbələrə diplomlar, partnyor şirkətin hədiyyələri təqdim olunub.