AzMİU-nun sərgi salonunda “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb
2019-05-27 14:52:46
            Mayın 27-də  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin III kurs tələbəsi Leyla Mehdiyevanın “Obyektivdə Memarlıq” adlı fotosərgisi  açılıb.
            Universitetin Memarlıq korpusunun sərgi salonunda  açılan  fotosərgidə fakültənin dekanı Zahidə Məmmədova, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 
            Fakültənin dekanı Zahidə Məmmədova gənc,  bir o qədər də istedadlı olan Leylanın tələbə memar kimi hər zaman seçildiyini söyləyib. Onun müxtəlif sərgi və müsabiqələrdə fəal iştirakından söz açıb. Digər çıxış edənlər də gənc və həvəskar memarın tələbə olaraq müsbət keyfiyyətlərini diqqətə çatdırıb, ona  yaradıcılıq uğuru arzulayıblar. 
            50-dən artıq  fotoşəkildən ibarət sərgidə L.Mehdiyeva  dünya memarlığının inciləri hesab olunan tarixi binaları, müasir tikililəri  fotolarında nümayiş etdirməyə çalışıb.  Fotolarda  gənc memar səyahət etdiyi ölkələrin (Türkiyə, Çexiya, Belçika, Rusiya, Fransa və.s)  memarlığına məxsus binaları, onların fasad örtüyünü, ornamentləri,  üzərində yerləşən daş heykəlləri,  hündür kürsülü eyvanları  əks etdirib.   Sərgidə ən diqqət çəkən işlər  Azərbaycanın orta əsr və müasir dövrə aid memarlıq nümunələri hesab olunan binalarının müxtəlif səmtlərdən çəkilmiş fotogörüntüsü olub.  Fotosərgi gələn ziyarətçilər tərəfindən yüksək dəyərləndirilib.