AzMİU ilə Cənub Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb
2019-05-24 11:30:15
     Rusiya Federasiyasının İdarəetmə, Biznes və Hüquq Universitetinin (Cənub Universiteti) rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru ilə görüşüb. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov və Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov iştirak edib.
     AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonağı salamlayıb, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rusiya universitetləri ilə əməkdaşlığa üstünlük verildiyini vurğulayan rektor həmyerlimizin rəhbərlik etdiyi Cənub Universiteti ilə müxtəlif isitqamətlərdə ikitərəfli əlaqələrin qurulmasının vacibliyini diqqətə çatdırıb. 
     Görüş zamanı ikitərəfli əlaqələrin perspektivləri, tələbə-müəllim mübadiləsinin istiqamətləri, AzMİU-nun Nəqliyyat və Tikinti-iqtisad fakültələri ilə Cənub Universiteinin eyniadlı fakültələri arasında əməkdaşlıq məsələləri, elm-təhsil sahəsində layihələrin, birgə konfransların keçirilməsi, əlaqələrin daha da intensivləşməsi və s. müzakirə olunub. 
     Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.