AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb
2019-05-10 16:57:22
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tədris işləri üzrə prorektoru Akif  Qasımov mayın 7-də Özbəkistanın Daşkənd Memarlıq və İnşaat İnstitutunda (DMİİ) işgüzar səfərdə olub. Səfərin məqsədi institutla tanışlıq, qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirə edilməsi olub. 
AzMİU-nun prorektoru A.Qasımov DMİİ - nin birinci prorektoru Abdulla Mirisayevlə görüşüb. Görüşdə DMİİ-nin Bina və qurğuların tikintisi fakültəsinin dekanı İslambek Əliyev, Bina və qurğular kafedrasının müdiri Uluqbek Axmadierov və institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri iştirak edib. A. Qasımov ilk növbədə azMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamlarını institut rəhbərliyinə çatdırıb. Sonra prorektor AzMİU-nun fakültə və ixtisasları, maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə ətraflı məlumatlar  verib. 
DMİİ prorektoru A.Mirisayev də İnstitutun rektoru Ravşan Hakimovun adından qonağı salamlayıb, sonra institutun tarixi, fakültələri, maddi texniki bazası, yeni kampusu və beynəlxalq əlaqələri barədə məlumat verib. 
Qarşılıqlı müzakirələr, səmimi şəraitində keçən görüşün sonunda ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.