Bakı Nəqliyyat Agentliyi ilə AzMİU arasında memorandum imzalanıb
2019-05-03 17:29:34
Bu gün Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında memorandum imzalanıb. Memoranduma əsasən, AzMİU tələbələrinin Bakı Nəqliyyat Agentliyində istehsalat təcrübəsi keçməsinin təmin edilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması nəzərdə tutulub. Tədris prosesinə Agentliyin mütəxəssislərinin cəlb edilməsi, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsinin aparılması, tələbələrinin "yay məktəbi" proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyində təlim keçmələri kimi məsələlər də memorandumda əksini tapıb. 
Agentlikdə təcrübə keçəcək tələbələr gənc, aparıcı mütəxəssislərin rəhbərliyi altında bilik və bacarılqarını artıraraq nəqliyyat sahəsində özlərinə uğurlu karyera qurmaq şansı əldə edəcəklər. Bundan başqa, Agentliyin “Yol həyatdır” layihəsi çərçivəsində həyata keçirdiyi aksiya və kampaniyalarda könüllü şəkildə iştirak edərək ictimaiyyətin nəqliyyat sahəsində maarifləndirilməsində də yaxından iştirak edə bilərlər.
İmzalanma mərasimi çərçivəsində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və pedoqoji kollektivin üzvləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə də tanış olub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli şəhər nəqliyyatının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.  Qanunsuz parklanmaya qarşı görülən işlərə toxunan İdarə Heyətinin sədri bu məqsədlə müasir və dayanaqlı proqram təminatına söykənən sistemin qurulduğunu bildirib. 
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova isə Bakı Nəqliyyat Agentliyinin paytaxt Bakının ictimai nəqliyyatının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi işlərin əhəmiyyətini vurğulayıb. Həmçinin, tələbələrin bir mütəxəssis olaraq formalaşması və təcrübə keçmələri sahəsində Agentlik ilə qarşılıqlı əlaqlərin yardılmasının vacibliyini bildirib. Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.