Sumqayıt Kimya Sənaye Parkının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları arasında görüş keçirilib
2019-04-29 14:32:38
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir: “Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair – bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Dövlət öz hesabına texnoparklar yaradır. Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ili 21 dekabr tarixli fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı Respublikada yaradılan ilk və ən böyük sənaye parkıdır. Bu texnoparkla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkı MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə AzMİU-nun prorektoru, professor Arif Şərifov, Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, İnşaat konstruksiyaları kafedrasının müdiri Müxlis Hacıyev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimləri və əməkdaşları iştirak edib.
Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri təmsil etdikləri parkın fəaliyyəti haqqında təqdimatla çıxış ediblər. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin fəaliyyəti, sənaye parkında reallaşdırılan layihələr, sənaye parklarında investorlar üçün yaradılmış güzəşt mexanizimləri, rezidentlərin “Bir pəncərə” qeydiyyatı sistemi və digər xidmətlər haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün yaradılan infrastruktur təminatı, vergilərdən və gömrük rüsumlarından azadolmalar onlara investisiya xərclərinə qənaət etməyə imkan verir ki, bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasına, eləcə də keyfiyyətin yüksəldilməsinə şərait yaradır.
Görüşdə AzMiU ilə əməkdaşlıq imkanları geniş müzakirə olunub, bu istiqamətdə fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, texnopark strukturlarının yaranması müasir qloballaşan dünyada, iqtisadiyyatın inkişafının hazırkı mərhələsində elm və biznesin qarşılıqlı fəaliyyətinin obyektiv qanunauyğunluğudur. Biznes inkubatorların, texnoparkların və s. daxil olduğu bu strukturlar elmi işlərin, biznes planların sürətlə və birbaşa tətbiq edilməsi məqsədilə sahibkarlıq fəaliyyəti ilə yenicə məşğul olanlara, alimlərə, mühəndislərə və s. xidmət göstərmək vəzifəsini yerinə yetirir. Texnoparklar müasir iqtisadiyyatın elmi- texniki və sənaye sahibkarlığının dayanıqlı inkişafını təmin edən iqtisadi mühiti formalaşdırmağa imkan verən mühüm elementidir.