AzMİU İstanbul Gelişim Universiteti ilə əməkdaşlıq edəcək
2019-04-25 12:08:45
 Türkiyənin İstanbul Gelişim Universitetinin prorektoru professor Nail Öztaş, təşkilat işləri müdiri Bülent Değirmenci və Xarici əlaqələr şöbəsinin əməkdaşı Sinan Əzimov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olublar. Qonaqlar universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru,  professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbənin müdir müavini Könül Şirinova ilə görüşüblər. 
 Rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verən İstanbul Gelişim Universitetinin prorektoru burada 25 minə yaxın tələbənin təhsil aldığını, dünyanın 100-dən çox universiteti ilə əməkdaşlıq etdiyini bildirib. Prorektor universitetin fakültələri və nəzdində olan institutlardan da danışıb. Qeyd olunub ki, universitetin daxilində oplan 112 atelye, laboratoriya və mərkəzdə tələbələr  yüksək keyfiyyətli təhsil alır. Beynəlxalq reytinq cədvəllərində yaxşı yerlər tutan İstanbul Gelişim Universiteti Türkiyənin daha çox ixtisasının akkreditasiyadan keçdiyi ilk ali təhsil ocağıdır. 
 İkitərəfli əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə ölkəmizə səfər edən qonaqlar Azərbaycanın bir neçə ali təhsil ocağı ilə görüşlər keçirdiklərini və AzMİU ilə əlaqələrin inkişaf etdirilməsini, ilk növbədə əməkdaşlıq memorandumunun imzalanmasını və tələbə - müəllim mübadiləsi məqsədilə Erasmus proqramı çərçivəsində əməkdaşlıq etməyi təklif ediblər. 
Qonaqları salamlayan prorektor N.Abdullayeva da AzMİU-nun tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Qonaqların əməkdaşlıq təklifindən məmnunluğunu ifadə edən prorektor bu əlaqələrin hər iki universitetdə elmin və təhsilin inkişafına, kadr potensialının keyfiyyətinin artırılmasına töhfə verəcəyinə ümid bəslədiyini vurğulayıb. Daha sonra əməkdaşlıq istiqamətləri müzakirə olunub. Anlaşma memorandumu və mübadilə protokollarının imzalanması üçün razılığa gəlinib.