AzMİU-da “Memarlıq irsinin qorunması və istifadəsi problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib
2019-04-17 15:08:53
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Memarlıq irsinin qorunması və istifadəsi problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib. Tədbir 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. Konfransa Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professor-müəllim heyəti, dissertantlar, doktorantlar, magistrlər qatılıb.
Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova açıq elan edərək bildirib ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da silsilə tədbirlərlə qeyd olunur. Dekan qeyd edib ki, Azərbaycanda memarlıq abidələrinin sayı 8 minə çatır. Onların arasında UNESCO tərəfindən qorunan abidələr də var. Ölkəmizdə son illər abidələrin bərpası istiqamətində müsbət işlər aparılıb, bu sahəylə məşğul olan agentlik də yaradılıb. Sonra Z.Məmmədova ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən söhbət açıb.
Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva bu gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb.
Daha sonra elmi məruzələrə yer ayrılıb. Konfransda “Girdiman çayı hövzəsinin tarixi-memarlıq abidələri” , “Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin memarlıq irsinin qorunması problemləri”, “Azərbaycan müasir bərpa texnologiyalarından istifadə təcrübəsi”, “Azərbaycanın cənub regionunun maddi irsinin qorunması” və.s mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.