Tələbələrimiz istehsalat təcrübəsində
2019-04-15 15:17:33
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavr səviyyəsində kadr hazırlığı aparılan bütün ixtisaslarda oxuyan tələbələrin təhsil aldıqları müddətdə topladıqları nəzəri bilik, bacarıqlarını vərdiş və praktiki qabiliyyətə çevirmək məqsədi ilə istehsalat təcrübəsinin təşkil edilməsinə xüsusi əhəmiyyət verilir. Hər il olduğu kimi bu il də tələbələrimiz ikinci semestrin ilk günündən ixtisasların uyğun olan istehsalat müəssisələrində təcrübəyə yollanıblar. Universitetin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, tədris işləri üzrə prorektor Akif  Qasımovun rəhbərliyi ilə Təcrübə və karyera şöbəsinin əməkdaşları, kafedra müdirləri həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər. 
          Ötən həftə AzMİU-nun nümayəndə heyəti “Baku Steel Company”, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, “ArchiCO Engineering Group” MMC, “Qrant Proje” MMC, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təcrübəyə cəlb olunan tələbələrlə görüşüblər. Görüşlər zamanı  buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları, eləcə də digər məsələlər barədə  müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Təcrübələrin gedişi Universitet rəhbərliyini qane edib və eyni zamanda istehsalatdan olan təcrübə rəhbərləri də öz növbəsində tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razılıqlarını bildiriblər.