Yunis Əmrə İnstitutunun nümayəndələri AzMİU-da
2019-04-12 09:58:14
            Yunus Əmrə İnstitutunun Bakı ofisinin müdiri Cihan Özdəmir, təhsil koordinatoru Ali İhsan Çevik və əməkdaşı Fatma Büşra Öge Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüşüblər. 
         Tədbirdən əvvəl qonaqlar universitetin Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva və xarici əlaqələr şöbəsinin müdir müavini, Mövlanə Mübadilə Proqramının koordinatoru Könül Şirinova ilə görüşüblər.
           Tələbələrlə görüşdə Yunus Əmrə İnstitutunun fəaliyyəti, TYS (Türkcə Yetərlilik Sınavı) imtahanı, türk dili və digər kurslar, kurslarda iştirak etməyə maddi imkanı çatmayan tələbələr üçün distant  türkcə təhsili, eləcə də İnstitutun təşkil etdiyi yay məktəbi haqqında geniş məlumat verilib, tələbələrin sualları cavablandırlıb. N.Abdullayeva tələbələrə bildirib ki, hazırda universitetimizin tələbələrinin daha çox müraciət etdiyi Mövlanə Mübadilə Proqramında iştirak etmək üçün tələb olunan sənədlərdən biri də türkcə dil imtahanıdır və tələbələrimiz Yunus Əmrə İnstitutunun təşkil etdiyi beynəlxalq TYS imtahanında iştirak edərək bu problemi həll edə bilərlər. 
            Görüşdən sonra rektor qonaqları qəbul edib, onlara  universitet və beynəlxalq əlaqələrlə bağlı geniş məlumat verib.  Qonaqlar da təmsil etdikləri Yunus Əmrə İnstitutunun yaranma tarixi, dünyada və Azərbaycandakı fəaliyyəti ilə bağlı rektora bilgilər veriblər.