Avstriyanın Krems Danube Universitetinin nümayəndələri AzMİU-da
2019-04-11 13:59:20
        Avstriyanın “PPA Architects” şirkətinin  icraçı direktoru George Hammerle və bu ölkənin Krems Danube Universitetinin nümayəndə heyəti Azerbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Tikinti-iqtisad fakültəsini dekanı Rahad Qəribov, fakültənin nəzdində yerləşən kafedraların müdirləri və əməkdaşları iştirak edib.
        Qonaqların  gəlişlərinin məqsədi ölkəmizin son illər tikinti infrastrukturunda olan yeniliklərini müşahidə etmək, bu sahədə ölkənin ən qabaqcıl universiteti olan AzMİU-nun  tikinti-iqtisadiyyat sahəsində hazırladığı ixtisaslar barədə məlumatlanmaqdan ibarət olub.
        Beynəlxalq əlaqələr üzrə prorektor N.Abdullayeva qonaqları salamlayıb.  O, ali məktəbin beynəlxalq əlaqələrinin geniş olduğunu, bu işgüzar münasibətin nəticəsi olaraq İtaliya, Fransa, Portuqaliya, Türkiyə və digər qabaqcıl ölkələrin universitetləri ilə sıx əməkdaşlığının uzun illərdir davam etdiyini söyləyib. Gələcəkdə Avstriya universitetləri ilə də belə əlaqələrin qurulmasını arzuladığını bildirib. 
        Xarici əlaqələr şöbəsinin müdiri F.Əliyev ümumilikdə universitetdə tədris aparılan ixtisaslar, akademik heyət, AzMIU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbə heyəti, “Qış məktəbi” layihəsi barədə geniş prezentasiya ilə çıxış edib. Strateji inkişaf üzrə prorektor Ü.Səttarova Avstriyanın  Herz şirkəti ilə universitetin işgüzar əlaqələrinin olduğunu, bunun nəticəsi olaraq ötən il  AzMİU-da Herz Armaturen şirkəti tərəfindən universitetə hədiyyə olunmuş laboratoriya stendlərinin açılışının baş tutduğundan danışıb. 
        Daha sonra Tikinti-iqtisad fakültəsinin kafedra müdirləri və əməkdaşlarının çıxışları dinlənilib. Universitet heyətinə fakültədə 3 pillə üzrə hazırlanan ixtisaslar,  tədris planı, ikili diplom layihələri ətrafında məlumatlar verilib. 
        Avstriyalı qonaqlar universitetlə tanışlıqdan razı qaldıqlarını, bu təhsil ocağı ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.