AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib
2019-04-11 13:41:41
          Aprelin 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 10 aprel İnşaatçılar Gününə həsr olunmuş  sayca 2-ci  “Güc bilikdədir” adlı intellektual yarış keçirilib. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Mətanət A” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə ərsəyə gələn intelektual yarışda universitetdən 7 komanda qalibiyyət uğrunda mübarizəyə qoşulub.
          Yarış  öncəsi çıxış edən AzMİU THİK-in sədr müavini Şahmar Rəfili  İnşaatçılar günü münasibəti ilə hər kəsi təbrik edib. O, yarışın keçirilməsində məqsədin tələbələrin intellektual səviyyələrinin, memarlıq tarixi barədə biliklərinin daha da artırılmasından ibarət olduğunu söyləyib. Sonra yarışın qaydaları haqqında komanda üzvlərini məlumatlandırıb, onlara uğurlar arzulayıb.  
          İki mərhələdən ibarət yarışın birinci turunda 7 fakültə komandası ikinci tura keçmək uğrunda mübarizəyə qoşulub. Dünyagörüşü, tarix, idman və digər sahələri əhatə edən sual-cavablarda  finala universitetin Nəqliyyat, İnşaat-texnologiya, İnşaat, Mexanika informasiya texnologiyaları  fakültələrinin 4 komandası  vəsiqə qazanıb.  Nəqliyyat fakültəsinin  “Ağdağ” , İnşaat-texnologiya fakültəsinin “Rokol”, İnşaat fakültəsinin “Azerlime”, MİT fakültəsinin “Mətanət A” komandası  arasında gərgin mübarizə şəraitində keçən görüşlərdə komandalar bilik və bacarıqlarını nümayiş etdirib.
       Birinci yerə MİT fakültəsinin “Mətanət A” komandası,  ikinci yerə İnşaat-texnologiya fakültəsinin “Rokol”, üçüncü yerə isə İnşaat fakültəsinin “Azerlime” komandası çıxıb. Sonda yarışın qalibləri “Mətanət A” Şirkətlər Qrupu tərəfindən kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıb, II və III yerin qaliblərinə isə həvəsləndirici mükafatlar təqdim olunub.