Nəqliyyat fakültəsində 31 mart soyqırımı günü qeyd olunub
2019-03-29 21:31:25
         Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində də 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
        Tədbir 1918-ci ilin martında erməni daşnakları tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsinin  bir dəqiqəlik sükutu ilə başlayıb. Fakültənin fəal tələbələrinin təşkil etdiyi anım tədbirində fakültənin 1-ci kurs tələbəsi Məhbubə Nağızadə XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı cinayətləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
         Fakültə dekanlığınının əməkdaşı Əmrah Vahabzadə çıxışında vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlərə və həyata keçirdikləri işğalçılıq siyasətinə yalnız 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla siyasi-hüquqi qiymət verilib. O, hazırda bu siyasətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, ötən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını qeyd edib.
        Tədbirin sonunda 31 mart soyqırımının tarixindən bəhs edən sənədli videoçarx nümayiş olunub.