“Həyatla oyun” tamaşası AzMİU-da
2019-03-14 12:44:39
         Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU)  Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşası nümayiş olunub. 
        Tamaşadan öncə universitetin Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənova, Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev cəmiyyətin ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizənin əhəmiyyətindən danışıblar.  Bu bəlaya qarşı gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini bildiriblər.
         Teatrın direktoru İntiqam Soltan bildirib ki, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə onları məlumatlandırmaqdır. İ.Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub. Səhnə əsəri gənclər  tərəfindən böyük maraqla qarşılanıb.             
         Məlumat üçün qeyd edək ki, yeniyetmələr və böyüklər üçün nəzərdə tutulan tamaşanın müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.