Bayramınız mübarək!
2019-03-07 13:37:53
          Bayramlar fəsli olan baharın ilk ongünlüyündə təqvimin ən gözəl günlərindən birini - 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bütün dünyada qeyd olunan bu gün Azərbaycan qadını üçün də böyük bayramdır. Tarixin bütün dönəmlərində cəmiyyətimizin mənəvi dayağı olan, ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, fədakarlığı, əsl analıq keyfiyyəti, vəfası və sədaqəti ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bu bayramı qeyd etməyə daha çox mənəvi haqqı çatır.           
          Tariximizin saysız-hesabsız şanlı, parlaq səhifələri məhz onun adı ilə bağlıdır. Hökmdar, diplomat, siyasətçi, sərkərdə, döyüşçü rolunda bütün vəzifələrin öhdəsindən ləyaqətlə gələn Azərbaycan qadını. Dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edən Azərbaycan anası. Əsrlər, nəsrlər gəlib gedib, lakin onun tarixi missiyası bu gün də bitməyib, davam edir.  
          Müasir Azərbaycan qadını bu gün uzaqgörən dövlət xadimi, bacarıqlı siyasətçi, savadlı dövlət məmuru, dövlətinə dəstək olan iş adamı, xalqın etimad göstərib səs verdiyi millət vəkilidir. Müasir Azərbaycan qadını öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq bir insandır. O, bütün bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, zərif çiyinlərinə düşən böyük işləri icra etməkdən qorxmur, bütün dönəmlərdə iti ağlı, parlaq zəkasıyla cəmiyyəti irəli aparır. Ən əsası öz əzəli, əbədi funksiyası olan analıq vəzifəsini və borcunu şərəflə yerinə yetirən, Vətən üçün, millət üçün layiqli övladlar tərbiyə edib yetişdirən nəcib varlıqdır.. 
           Əziz qadınlarımız! Ölkəmizin sevimli, gözəl, işgüzar, zəhmətkeş nümayəndələri, dünyanın ən gözəl və ən qiymətli varlıqları, Siz, dünyanın ən gözəl təriflərinə, ən xoş sözlərinə layiqsiniz. Sizi rektorat adından təbrik edirəm, bayramınız mübarək! Qoy zərif vücudunuzla böyük işlər görməyə qadir olan qəlbiniz daim qurmaq, yaratmaq eşqiylə döyünsün, gözünüzün nuru, qəlbinizin hərarəti azalmasın, açılan nurlu sabahlarınız sizə xeyir xəbərlər gətirsin, həmişə sevilən və seçilən olasınız! 


Gülçöhrə Məmmədova, 
AzMİU-nun rektoru, prpfessor, Əməkdar memar