Tələbələrimizin istehsalat təcrübəsi uğurla davam edir
2019-03-07 12:11:25
             Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) tələbələri ölkənin aparıcı müəssisələrində istehsalat təcrübələrini davam etdirir. Bu gün Strateji inkişaf üzrə prorektor Ülkər Səttarovanın rəhbərliyi ilə Təcrübə və karyera şöbəsinin müdiri Nadir Kərimov və şöbənin əməkdaşı Aydan Dadayeva Elmi-tədqiqat və layihə institutlarında olublar. Müəssisə rəhbərləri və burda təcrübə keçən tələbələrlə görüşüblər. İstehsalat təcrübəsinin təşkili ilə tanışlıq məqsədi daşıyan yoxlamada universitet nümayəndələri tələbələrin iş prosesi zamanı fəaliyyətlərini izləyib, onlara yaradılan şəraitlə tanış olublar, təcrübə gündəliklərinə baxış keçirib, müvafiq məsləhətlər veriblər.
         İlk olaraq “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitututunda olub, sözügedən İnstitutun direktoru Telman Kərimli ilə görüşüb, orada təcrübə keçən Memarlıq fakültəsinin yerli və əcnəbi tələbələri ilə ünsiyyətdə olublar.
            Daha sonra “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutlarının rəhbər şəxsləri, əməkdaşları, həmçinin tələbələrlə görüşüblər. Tələbələrin təcrübə prosesini müşahidə edib, onların problemləri ilə maraqlanıblar. Təcrübə keçən  Memarlıq, İnşaat, Nəqliyyat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin tələbələri ilə ünsiyyət zamanı AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ü. Səttarova onlara müəssisələrdə yaradılan bu imkanlardan yararlanmağı, təcrübə müddətində məsuliyyətli olmağı tövsiyyə edib. Tələbələr də öz növbələrində yaradılan şəraitə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib, istehsalat təcrübəsindən razı qaldıqlarını deyiblər.