AzMİU-da təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib
2019-03-05 19:19:42
          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) akt zalında Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
          Universitetin Ümumi işlər üzrə prorektoru Taleh Qələndərli,  AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov çıxışlarında Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarını qurumun 100 illik yubileyi və qarşıdan gələn  peşə bayramı münasibəti ilə ürəkdən təbrik edib, çətin və şərəfli işlərində  uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycanın dünyada ən sabit ölkələrdən birinə çevrilməsi,  xalqımızın təhlükəsizliyi, dövlətimizin əmin-amanlığının qorunmasında DTX-nin xüsusi rol oynadığı nəzərə çatdırılıb.      
         Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin prokuroru, baş ədliyyə müşaviri, AzMİU-nun İctimai fənlər kafedrasının baş müəllimi Zahid Vəliyev də Azərbaycanda ilk xüsusi xidmət orqanlarının tarixindən danışıb. Ümummilli lider H.Əliyevin dövlət təhlükəsizlik orqanlarında xidmət etdiyi 25 il müddətində göstərdiyi misilsiz xidmətlərdən söhbət açan Z.Vəliyev  Ulu öndərin sayəsində bu gün orqanlarda milli ruhda, cəsur, intellektual, savadlı şəxslərin cəmləşdiyini, peşəkar və bacarıqlı kadrların formalaşdığını deyib. O, bu orqanın xidmət konsepsiyasının işlənilib hazırlanmasında ulu öndərin rolunu diqqətə çatdırıb. Çıxışının yekununda DTX-nin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını qarşıdan gələn peşə bayramı münasibəti ilə ürəkdən təbrik edib,  şərəfli xidməti işlərində uğurlar arzulayıb.
         Sonda  DTX-nin  əməkdaşı Eldar Həsənəliyevin “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” adlı məruzəsi dinlənilib.