Məzunlarımız YARAT-ın yeni layihəsində
2019-03-01 12:53:42
           “YARAT” Müasir İncəsənət Mərkəzi öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün “ARTIM LAB” layihəsinə start verib. Sevindirici haldır ki, layihəyə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  iki istedadlı məzunu da dəvət alıb. Onlardan biri AzMİU-nun Memarlıq fakültəsini 2009-cu ildə fərqlənmə diplomu ilə bitirən, hazırda universitetimizdə doktorantura pilləsi üzrə təhsilini davam etdirən Yalçın Məmmədovdur. Eyni zamanda  Yalçın Memarlığın əsasları kafedrasının müəllimidir. 10 ildən artıqdır ki memar kimi fəaliyyət göstərir, “Yalchin Zahid`s Art Bureau” (Yalçın Zahidin yaradıcılıq bürosu) şirkətinin rəhbəridir. Rəhbəri olduğu şirkət  landşaft memarlığı, dizayn və bədii tərtibat, rekonstruksiya, şəhər planlaşdırılması kimi memarlıqla bağlı bütün sahələrdə  bir çox xidmətlər təklif edir. Yalçın, istər ölkə əhəmiyyətli, istərsə də ölkədən kənar bir neçə layihələrin müəllifidir.   
          Layihəyə dəvət alan digər  məzunumuz Rauf İbadovdur.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsini 2017-ci ildə bitirib. İstedadlı gəncdir. İlk dəfə AzMİU-nun Sərgi salonunda  fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə nümayiş olunan işlər arasında tanınmış məşhurların portret və karikaturaları, 3D rəsmlər yer alıb ki, bu da sərgi iştirakçılarının marağına səbəb olub.  Rauf, gipsdən istifadə etməklə mənzillərin divarında qeyri-adi mənzərə təsvirləri işləyir, eləcə də çox insanın lazımsız kötük və ya odun parçası kimi baxdığı ağac parçaları üzərində maraqlı sənət əsərləri yaradır. 
           Qeyd edək ki, layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Yaradıcı gəncləri bir araya yığan layihə istedadlı insanlara öz bacarıqlarını üzə çıxarmaqda yardımçı olur. Əsas məqsəd isə iştirakçılarda eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaq, müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini qurmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək və s-dir.