AzMİU-da Karyera sərgisi təşkil olunub
2019-02-20 14:19:04
Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə ilk dəfə olaraq tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər. 
         Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr  tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edib.
         Sərgidə  ölkənin aparıcı şirkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR, SOCAR AQŞ,  Azərişıq, Metropoliten, Azərsu ASC, Zaferoğlu İnşaat MMC,  Embawood MMC,  Holcim,  Mətanət-A şirkəti, Azərsun Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, Təmiz Şəhər ASC, Gilan Holding, Akkord, Azercell,  eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb. 
          Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da ilk dəfə keçirilən  sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri  qoşulub. Bu çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.
Rektor AzMİU-da Karyera və Strateteji  planlaşdırma şöbələrinin fəaliyyət göstərdiyini və tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb. 
        1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər. 
            Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.