[video] “Qış məktəbi” layihəsi başa çatdı
2019-02-09 18:16:47
          Fevralın 4-dən başlayan beynəlxalq “Qış məktəbi” layihəsi bu gün başa çatdı. Layihə çərçivəsində ölkəmizə gələn əcnəbi gənclər –  Qırğızıstanın Qırğız Rusiya-Slavyan, Slovakiyanın Koşitse, Rusiyanın Voronej Dövlət Texniki universitetlərinin tələbə və müəllimləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi tərəfindən sertifikatlar və diplomlarla mükafatlandırılıb.
          Bu gün keçirilən tədbirdə AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov universitet rəhbərliyini, rektorun adından iştirakçıları salamlayıb, Azərbaycanda olduqları müddətdə onlarda Universitetimiz və ölkəmiz barədə xoş təəssüratlar yarandığına ümidvar olduğunu bildirib. Prorektor bu səfərlərin davamlı olmasını və universitetlərimiz arasında əlaqələrin möhkəmlənməsini arzulayıb. Sonra o, layihənin bütün iştirakçılarına sertifikatlar və “Bakı bulvarında pavilyon transformer” adlı vorkşopda ilk yerləri tutan qaliblərə diplomlar təqdim edib.
          Hər 3 universitetdən gələn tələbələrin rəhbərləri səmimi, isti münasibət üçün AzMİU rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildiriblər və ölkəmizə, insanlarımıza heyran olduqlarını gizlətməyiblər.
          Azərbaycan Memarlar İttifaqının nəzdində olan “Gənc memarlar” klubunun prezidenti Şeyda Növruzzadə də təmsil etdiyi qurumun adından qonaqlara xoş arzularını çatdırıb və onları vorkşopda fəal iştiraklarına görə İttifaqın diplomları  ilə təltif edib.