“Qış məktəbi”nin əcnəbi tələbələri AzMİU-da
2019-02-06 13:53:46
          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan “Qış məktəbi” layihəsində iştirak edən əcnəbi tələbələrlə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayevanın görüşü keçirilib. 
          Rusiyanın Voronej Dövlət Texniki Universiteti, Qırğızıstanın Qırğız RusSlavyan Universiteti və Slovakiyanın Koşitse Universitetindən gələn tələbələri və müəllimləri salamlayan prorektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Sonra o, AzMİU barədə hazırlanmış videoçarxı tələbələrə təqdim edib, universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrinə toxunub. Prorektor “Qış məktəbi” layihəsinin mahiyyətindən də danışıb, səfər çərçivəsində nəzərdə tutulan proqram barədə də tələbələri məlumatlandırıb. Geniş və əhatəli çıxışından sonra N.Abdullayeva tələbələri maraqlandıran sualları cavablayıb.
        Görüşdən sonra “Qış məktəbi” layihəsinin əcnəbi tələbələri Memarlıq fakültəsində dərslərdə iştirak ediblər. 
          Məlumat üçün bildirək ki, bu ilki “Qış məktəbi” layihəsində hər üç universitetdən 40 nəfərdən ibarət heyət iştirak edir. 10 gün davam edəcək “Qış Məktəbi”ndə əcnəbi tələbələrə AzMİU-nun Memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri keçiriləcək, sonra tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobusla turlar təşkil olunacaq, burda əyani dərslər gerçəkləşəcək. Eyni zamanda “Bakı bulvarında transformerlər” adlı vorkşopun da keçirilməsi nəzərdə tutulub. Səfər çərçivəsində tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Olimpiya stadionunda olacaq, bu tikililər barədə onlara ətraflı məlumat veriləcək, Şəhidlər Xiyabanını da ziyarət edəcəklər. Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri – İçərişəhər, Atəşgah və Qala qoruğuna gəzintiləri də nəzərdə tutulub. Bundan başqa, “Qış məktəbi” tələbələrinin bölgələrə səfərləri də planlaşdırılıb, onlar Qəbələ-Mingəçevir-Şəki turuyla Tufandağ qış-yay turizm kompleksini, Şəki Xan sarayını, Karvansarayı gəzəcək, Mingəçevir şəhəriylə tanış olacaq, Mingəçevir Su Elektrik Stansiyasına da baş çəkəcəklər.