Rumın professorun AzMİU-da sərgisi açılıb
2019-01-31 12:08:33
Bu gün Rumıniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Buxarest Universitetinin professoru Katalin D. Konstantinin sərgisi açılıb. “Şəhərlər haqqında ümumi məlumat: Avropa meydanları və onların tarixçələri” adlı tədqiqat işinin illüstrasiyalarda təqdimatını nümayiş etdirən sərgidə adıçəkilən ölkənin səfiri Dan İanku və onun xanımı, səfirliyin müşaviri Mixayella İanku, AzMİU-nun rektorluğu, müəllim və tələbələri iştirak edib.
Sərgiyə baxışdan əvvəl qonaqları səmimi salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetlə səfirlik arasında qurulan işgüzar və isti münasibətlərə görə Rumıniyanın səfirinə dərin təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, artıq 3-cü dəfə universitetdə qonaq olan səfir hər səfərində tələbələr üçün faydalı olan təqdimatlara imza atır. O, Buxarest Universitetinin professorunun Memarlıq fakültəsinin tələbələri üçün hazırladığı Ustad dərsini yada salıb, bu əməkdaşlığın davamlı olmasını arzulayıb.
Cənab Dan İanku da öz növbəsində səmimi qəbul üçün rektora təşəkkürünü bildirib, 3-cü dəfə universitetdə olmaqdan məmnunluğunu dilə gətirib. Səfir əməkdaşlığın növbəti mərhələsi kimi Rumıniya universitetləri ilə AzMİU arasında ikitərəfli əlaqələrin qurulmasına yardımçı olacağını bildirib. Eyni zamanda o qeyd edib ki, bu günki sərgi gələcək memarlar üçün çox əhəmiyyətlidir.
Sonra sərgiyə baxış keçirilib, qonaqlar, müəllimlər və tələbələr sərgilənən fotolara baxıblar.