AzMİU tələbələri taqaüd proqramını qazanıb
2019-01-31 11:58:06
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri North West Construction şirkətinin tələbələr üçün təqdim etdiyi təqaüd proqramını qazanıb.  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetdə ötən il şirkət nümayəndələri tərəfindən tələbə təqaüd proqramının təqdimat mərasimi keçirilmişdir. 
        Sonuncu kursda təhsil alan tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramını AzMİU-nun  Memarlıq fakültəsinin tələbəsi Nailə Səfərli,  İnşaat fakültəsinin tələbəsi Tamerlan Rzayev, İnşaat fakültəsinin “SABAH” qruplarının tələbələri Camal Məmmədov, Elnur Bediyev əldə edib. Proqramı qazanan tələbələrə hər ay şirkət tərəfindən 150 manat təqaüd veriləcək. 6 ay müddətində verilməsi nəzərdə tutulan təqaüdlərin yekununda tələbələr şirkətdə  işlə təmin olunma imkanı əldə edəcəklər. 
          Ümumilikdə iki mərhələdə keçirilən imtahanlarda  iddiaçı tələbələrin ixtisas bilikləri ilə yanaşı, ingilis dili bilikləri də yoxlanılıb. AzMİU-dan birinci mərhələdə 62 nəfər iştirak edib, onlardan yalnız  12 nəfəri  ikinci mərhələdə iştirak etmək imkanı qazanıb. İştirak edən 12 nəfərdən 4 nəfəri isə təqaüd proqramını qazanıb.
         Məlumat üçün qeyd edək ki, şirkətin elan etdiyi təqaüd  proqramı memarlıq, dizayn, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu torpaq və şəhər kadastrı, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, sənayenin təşkili və idarə olunması, biznesin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulub.