AzMİU-da 2018-2019-cu il üzrə differensial əmək haqqı sistemi tətbiq olunub
2019-01-22 12:31:13
Təhsildə prioritet istiqamətləri müəyyənləşdirən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) stimullaşdırıcı mexanizimlərin təkmilləşdirilməsi yönümündə mühüm işlərin görülməsinə əlverişli zəmin yaradıb. Universitetdə tətbiq edilən “Daxili qiymətləndirmə” layihəsi birbaşa bu prinsiplərə xidmət edir.
Layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltmək və Universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onlara motivasiya verərək potensiallarını bu istiqamətlərdə daha da dolğun reallaşdırmaqdır. Eyni zamanda, müəllimlərə differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizimləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya qoyulan əsas məqsəddir.

Qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapır. Müəllimin kateqoriyası özü tərəfindən doldurulmuş attestasiya vərəqinin konkret göstəricilərinə və rəhbərlik tərəfindən verilən ballara uyğun olaraq müəyyənləşdirilir. Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir il müddətində aylıq əmək haqqına edilən əlavələrlə icra olunur. Cari tədris ili üçün Universitetin Elmi şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunur.

2018-ci ildə daxili qiymətləndirmədə iştirak edən 53 müəllimdən 21-i A, B və C kateqoriyalarına daxil olub. Onu da qeyd edək ki, AzMİU-da artıq bu sayca 3-cü Daxili qiymətləndirmədir və gələcəkdə də davam edəcək.Düşünürük ki, layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaq.