İnşaat fakültəsinin professor-müəllim heyəti üçün seminar keçirilib
2019-01-16 11:30:40
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışan alimlərin elmi nəticələrinin Clarivate Analytics (Web of Science) bazasına daxil olan jurnallarda dərc olunmasında dəstək və maarifləndirmə tədbirləri çərçivəsində seminar təşkil olunub. Universitetin Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə baş tutan seminarda İnşaat fakültəsinin professor – müəllim heyəti iştirak edib.
Seminarda Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva universitet əməkdaşlarının beynəlxalq bazalarda təmsil olunma barədə ümumi məlumatları diqqətə çatdırdıqdan sonra bu istifamətdə qarşıda duran vəzifələrdən bəhs edib. Web of Science kimi beynəlxalq nüfuzlu bazaya daxil olan jurnallarda məqalə dərc olunmasında yardım göstərmək üçün universitetin Elmi-tədqiqat şöbəsinin nəzdində yaradılmış işçi qrupun fəaliyyətinə toxunub. Onların gördüyü işlər barədə məlumat verən N.Rzayeva müasir zamanda elmi nəticələri beynəlxalq səviyyəyə çatdırılmasının yeqanə və ən uğurlu yolu kimi onları məqalə şəklində yüksək impakt-faktorlu jurnallarda dərc etdirməyi vurğulayıb. İşçi qrupunun tərkibi, qarşıda duran məqsədlər və vəzifələri səsləndirib.

Nəşriyyat bölməsinin müdiri Samirə Əkbərova beynəlxalq səviyyəli jurnallarda keyfiyyətli məqalə dərc etdirmək üçün tələb olunan tərtibat qaydalarını əhatə edən təqdimatla çıxış edib. Universitetdə dərc olunan beş nəşrin müasir tələblərə uyğunlaşdırılması və eləcə də Scopus bazasına düşməsi naminə görülən işləri seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda nüfuzlu jurnallarda məqalə dərc etdirməkdə maraqlı olan müəlliflərin bu yolda qarşılarına çıxan maneələrlə bağlı sualları cavablandırılıb.