AzMİU-da imtahan sessiyası başladı
2019-01-04 16:46:11
Yanvarın 4-dən Azərbaycan Memarlıq və İnşaat Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başlayıb. Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (Memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.

Hər il olduğu kimi bu il də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, millət vəkillərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.