Təhsildə fərqlənən tələbələrə mükafatlar verilib
2019-01-02 13:09:57
Dekabrın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris ilinin birinci semestri üzrə keçirilən dərslərdə yaxşı nəticələr toplamış, davamiyyəti yüksək olan Əcnəbi vətəndaşların hazırlığı, İnşaat-texnologiya, Mexanika və informasiya texnologiyaları fakültəsinin bir qrup tələbəsi universitet rəhbərliyi tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılıb.
Mükafatlandırma mərasimində AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli, müəllimlər və tələbələr iştirak ediblər.

Tədris işləri üzrə prorektor A.Qasımov və Beynəlxalq əlaqələr üzrə prorektor N.Abdullayeva universitet rəhbərliyinin hər zaman davamiyyəti, təhsili, nizam-intizamı ilə seçilən tələbələri yüksək qiymətləndirdiyini deyiblər. Bu gün baş tutan mükafatlandırma mərasiminin tədris ilinin növbəti semestrinə tələbələrin uğurlu başlamaları üçün stimul yaradacağını bildirib. Tələbələrə təhsillərində uğurlar arzulayıblar.

Strateji inkişaf üzrə prorektor Ü.Səttarova qeyd edib ki, ötən tədris ilindən etibarən universitetin ictimai həyatında və təhsildə seçilən tələbələrin mükafatlandırılmasına başlanılıb. Bu ənənənin gələcəkdə bütün fakültələri əhatə edəcəyini deyib. Prorektor universitetimizin partnyorları, ölkədə və xaricdə qabaqcıl yer tutan “Akkord”, “Lafarge Holcim”, “Təmiz Şəhər”, “Embawood” və “Sinam” şirkətlərinə bu gün tələbələrə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Sonda təhsildə və universitetin ictimai həyatında fərqlənən 3 fakültənin tələbələrinə diplomlar, partnyor şirkətlərin hədiyyələri təqdim olunub.